Fransanın cənubundakı Cagnes-sur-Mer şəhərində yerləşən Auguste Renoir Muzeyindən təxminən 9 milyon avro dəyərində sənət əsərləri oğurlanıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, iki şəxs muzeyə daxil olaraq dörd tablonu çərçivələrindən kəsib. Siqnalizasiya işə düşdükdən sonra şübhəlilər muzeydən qaçıblar.
Polis əməkdaşları hadisə yerinə baxış keçirərkən muzeyin bağçasında şübhəlilərə aid olduğu ehtimal edilən iki fermuarlı çanta aşkar ediblər.
Muzey rəhbərliyi binaya dəymiş zərəri və oğurlanmış digər mümkün əsərləri müəyyənləşdirmək üçün araşdırmanı davam etdirir.
Hadisə ilə bağlı istintaq Fransanın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Alt İdarəsi tərəfindən aparılır.
Qeyd edək ki, fransız impressionist rəssamı Pierre-Auguste Renoirın həyatının son dövrünü keçirdiyi Les Collettes malikanəsində yaradılan muzeydə sənətkara məxsus 10 orijinal tablo, təxminən 40 heykəl, şəxsi əşyalar, mebel və tarixi arxivlər saxlanılır.