Taylandda futbol matçı zamanı baş verən ildırım hadisəsi faciə ilə nəticələnib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hadisə Sunqai Kolok bölgəsində yerləşən “Santiphap” stadionunda keçirilən “Golok FA Cup 2026” turnirinin yarımfinal qarşılaşması zamanı baş verib.
Məlumata görə, matçın uzatma dəqiqələrində stadionun mərkəzi hissəsinə ildırım düşüb. Güclü elektrik boşalması nəticəsində meydanda olan bir neçə futbolçu yerə yıxılıb.
Hadisə yerinə dərhal tibbi yardım briqadaları cəlb olunub və zərərçəkənlərə ilkin tibbi yardım göstərilib. Lakin “FC Yala” klubunun futbolçusu Sofvan Avae aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Bildirilib ki, hadisə zamanı daha 9 futbolçu yaralanaraq xəstəxanaya yerləşdirilib.
Sunqai Qolok polis rəisi Thun Sirikhunt bildirib ki, qarşılaşma güclü yağış və külək şəraitində keçirilib. Faktla bağlı araşdırmalara başlanılıb.
“FC Yala” klubu isə futbolçunun ölümü ilə bağlı başsağlığı verərək onun ailəsinə və yaxınlarına dəstək ifadə edib.