Braziliya millisinin və Sankt-Peterburqun "Zenit" klubunun futbolçusu Luis Enrike karyerasını vətənində davam etdirə bilər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “R7 Esportes” nəşrinin məlumatına görə, Braziliyanın "Flamenqo" klubu 25 yaşlı vingerin transferi üçün ciddi addımlar atmağa hazırlaşır.
Bildirilib ki, "Flamenqo" rəhbərliyi hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq üçün 35 milyon avro məbləğində təklif hazırlayıb. Klubun bu addımı heyətin gücləndirilməsi və hücum xəttinin möhkəmləndirilməsi planları ilə əlaqələndirilir.
Qeyd olunub ki, daha əvvəl Luis Enrikenin "Botafogo"ya keçmək istədiyi barədə xəbərlər yayılsa da, hazırda "Flamenqo"nun təklifi daha real variant kimi qiymətləndirilir.
Məlumata görə, Luis Enrike ötən mövsüm "Zenit"in heyətində 28 oyunda meydana çıxıb. Braziliyalı futbolçu bu qarşılaşmalarda 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, futbolçunun Sankt-Peterburq klubu ilə müqaviləsi 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədədir.