“Fənərbaxça” müdafiə xəttini gücləndirmək üçün diqqətini Kiprə yönəldib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 30 yaşlı hollandiyalı-qanalı müdafiəçi Derrik Lukassenlə yaxından maraqlanır.
Lukassen cari mövsümdə Kiprin “Pafos” klubunun formasını geyinir və həm yerli çempionatda, həm də Çempionlar Liqası oyunlarında çıxış edib.
Müdafiəçinin klubla müqaviləsi 2026-cı il mayın 31-dək qüvvədədir.
Məlumatlara görə, “Fənərbaxça” futbolçunu artıq bu qış transfer etmək niyyəti ilə “Pafos”a 3 milyon funt sterlinq məbləğində təklif göndərib. Lakin Kipr klubunun bu təklifə razılıq verib-verməyəcəyi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Lukassen “Pafos”a 2024-cü ilin iyul ayında qoşulub. O, karyerası ərzində Niderlandın U-21 millisində 9 oyun keçirib və 1 qol vurub.
“Transfermarkt” portalına əsasən, təcrübəli müdafiəçinin hazırkı bazar dəyəri 1 milyon avro təşkil edir.
“Fənərbaxça”nın bu transferi qış fasiləsində reallaşdırıb-reallaşdırmayacağı yaxın günlərdə bəlli olacaq.