“Fənərbaxça” 6–7 iyunda seçki keçirmək qərarı alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Klub prezidenti Sadettin Saran açıqlama verib.
“Fənərbaxça"ya xidmət etmək bəzən vəzifədə qalmağı deyil, lazım gəldikdə kənara çəkilməyi də bacarmağı tələb edir. Çünki bu emblema heç birimizin şəxsi ambisiyalarını daşıyacaq yer deyil; hamımızın məsuliyyətini daşıyacaq bir əmanətdir", - o qeyd edib.
O həmçinin qeyd edib ki, vəzifəyə namizəd olduqları gün nə səbir, nə də vaxt deyərək yola çıxıblar:
"Çünki artıq gözləməyə deyil, ayağa qalxmağa ehtiyac olduğunu bilirdik. Seçkinin uyğun olmayan tarixdə keçirilməsinə baxmayaraq, məsuliyyəti üzərimizə götürməkdən bir an belə çəkinmədik. Məsuliyyətdən qaçmadıq, geri durmadıq. Biz o gün yenidən bir olmağın, yenidən inanmağın və yenidən uğur qazanmağın mümkün olduğunu göstərmək üçün buradaydıq.
Vəzifəyə başladığımızda çempionluq ümidlərinin zəiflədiyi bir vəziyyətlə qarşılaşdıq; buna baxmayaraq, uzun illərdir davam edən çempionluq həsrətinə son qoymaq, “Fənərbaxça”mızı layiq olduğu yerə çatdırmaq üçün mən və komanda yoldaşlarım gecə-gündüz çalışdıq. Bu müddətdə heç kəsi incitməməyə, ayrılıq yarada biləcək ifadələr işlətməməyə, münaqişə mühiti yaratmamağa xüsusi diqqət yetirdik. Nə bəhanələrin arxasına sığındıq, nə də çətinliklərdən qorxduq. Yeganə diqqət mərkəzimiz klubumuzun uğuru oldu".
Seçki qərarını verməyin asan olmadığını bildirən Saran deyib:
“Mən verdiyim sözə əsasən, hamının geri çəkildiyi bir dövrdə prezidentlik yarışına qatıldım. Yenə də verdiyim sözə sadiq qalaraq bu gün ictimaiyyətimizin qarşısına çıxıram. Hamınızın yaxşı bildiyi kimi, vəzifə müddətimizin hələ əvvəlində baş verən meydandan kənar hadisələr və yaranan şərait həmin vaxt fərqli qərar verməyimizə imkan vermədi.
O gün necə məsuliyyətdən qaçmadıqsa, bu gün də verdiyimiz sözün arxasında dayanırıq. Mövsüm ərzində bəzi qərarları çempionluq mübarizəmizə zərər verməməsi üçün qəsdən təxirə saldıq. Lakin gəlinən mərhələdə bu prosesi daha da uzatmağın düzgün olmadığı aydındır. Buna görə də, ictimaiyyətimizə verdiyimiz sözə uyğun olaraq, 6–7 iyun tarixlərində növbədənkənar seçkili ümumi yığıncağımızın keçiriləcəyini diqqətinizə çatdırıram. Bu qərarı Fənərbaxçamızın qarşısını açmaq və ictimaiyyətimiz üçün yeni bir səhifə açılmasına şərait yaratmaq məqsədilə qəbul etdim".