Avrasiya İnkişaf Bankı (AİB) Ermənistanda fəaliyyət göstərən “Zəngəzur Mis-Molibden Kombinatı” QSC-nin istehsal imkanlarının genişləndirilməsi məqsədilə yeni maliyyə ayırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, AİB “Zəngəzur Mis-Molibden Kombinatı” QSC-yə 120 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Müvafiq kredit müqaviləsi bankın İllik Yığıncağı və Biznes Forumu çərçivəsində imzalanıb.
Məlumata görə, sənədi AİB-in idarəedici direktoru Sergey İqnatov və kombinatın maliyyə direktoru Nikolay Vedenin imzalayıblar.
Bildirilir ki, ayrılan vəsait müəssisənin istehsal gücünün artırılması layihəsinə yönəldiləcək. Layihə çərçivəsində filiz emalı həcminin artırılması, mineral-xammal bazasından istifadənin səmərəliliyinin yüksəldilməsi, mis və molibden istehsalının sabitləşdirilməsi, həmçinin ixrac potensialının genişləndirilməsi nəzərdə tutulur.
Məlumata əsasən, AİB-in idarəedici direktoru Sergey İqnatov bu layihənin bankın regionda sənaye modernləşdirilməsinin uzunmüddətli maliyyələşdirilməsi strategiyasına uyğun olduğunu bildirib.
Kombinatın maliyyə direktoru Nikolay Vedenin isə əldə olunan razılaşmanın müəssisənin texniki yenilənməsi və əməliyyat səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Qeyd edək ki, AİB bundan əvvəl Ermənistanın turizm və logistika sektorlarına da investisiya yatırmaq niyyətində olduğunu açıqlamışdı. Bankın üzvləri sırasında Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan yer alır.