Amerikalı milyarder İlon Maskın uzun müddətdir planlaşdırdığı maliyyə super tətbiqi layihəsi reallaşıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, ötən həftə "Premium+" abunəçiləri üçün istifadəyə verilən "X Money" xidməti iyunun 29-dan etibarən təsdiqlənmiş digər istifadəçi qrupları üçün də əlçatan olub.
Yeni xidmət istifadəçilərə illik 6 faiz gəlir, fərdi metal "Visa" bank kartı, hesablararası ani pul köçürmələri (P2P), 3 faiz "cashback" və "Premium+" abunəçiləri üçün 10 milyon ABŞ dollarınadək dövlət zəmanətli (FDIC) depozit sığortası təklif edir.
"X" bank lisenziyasına malik olmadığından xidmət "Bankçılıq xidmət kimi" (Banking as a Service – BaaS) modeli əsasında fəaliyyət göstərir.
İstifadəçilərin vəsaitləri Nyu-Cersi ştatında fəaliyyət göstərən "Cross River Bank" vasitəsilə qorunur. Standart hesablar üçün 250 min ABŞ dollarınadək FDIC sığortası tətbiq edilir. "Premium+" istifadəçiləri üçün yaradılan "Cash Sweep" sistemi isə vəsaiti avtomatik olaraq bir neçə tərəfdaş bank arasında bölüşdürərək sığorta limitini 10 milyon dollara qədər artırır.
Pul köçürmələri "Visa Direct" sistemi vasitəsilə real vaxt rejimində həyata keçirilir. Bu infrastruktur sayəsində istifadəçilər və məzmun yaradıcıları ənənəvi ACH köçürmələrindən fərqli olaraq ödənişləri dərhal qəbul edə bilirlər.
Hazırda xidmət yalnız 18 yaşdan yuxarı təsdiqlənmiş istifadəçilər və "X Payments LLC" şirkətinin pul köçürmə lisenziyasına malik olduğu ABŞ-nin 41 ştatında aktivdir. Nyu-York və Massaçusets ştatlarında isə xidmət hələlik əlçatan deyil.