"X" platformasının rəhbəri və "xAI" şirkətinin təsisçisi İlon Mask "Grok" süni intellekt sisteminin yeni versiyası olan "Grok 4.20"-nin bu həftə daxilində buraxılacağını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yeni yenilənmə hazırkı 4.1 versiyası ilə müqayisədə "əhəmiyyətli daxili təkmilləşdirmə" hesab olunur.
Hələlik konkret texniki dəyişikliklər barədə ətraflı məlumat verilməsə də, ekspertlər aşağıdakı yenilikləri gözləyirlər:
- Cavabların dəqiqliyinin artırılması;
- Sistemin işləmə sürətinin yüksəldilməsi;
- Modelin funksional imkanlarının genişləndirilməsi.
"Grok" digər iri süni intellekt modellərinə rəqib olaraq inkişaf etdirilir və "X" sosial şəbəkəsinə inteqrasiya olunub. Bu model özünəməxsus "yumor hissi" və sosial şəbəkədəki məlumatlara real vaxt rejimində birbaşa çıxış imkanı ilə fərqlənir. Hazırda sistem sualları cavablandırmaq, kod yazmaq, təsvirlər yaratmaq və sosial şəbəkə trendlərini analiz etmək kimi funksiyalara malikdir.
Xatırladaq ki, bir müddət əvvəl "SpaceX" şirkətinin də öz daxili proseslərinə "Grok" modelinin "Spok" adlı xüsusi modifikasiyasını inteqrasiya etdiyi məlum olmuşdu. Bu, "xAI" texnologiyalarının Maskın şirkətlər ekosistemində rolunun getdikcə artdığını göstərir.