Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası (EAPCA) Belçika və Niderlandın Nümayəndələr Palatalarının aprelin 16-da qəbul etdiyi qətnamələri qətiyyətlə pisləyib və buna kəskin etirazını bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, qurumun baş katibi Sahil Qasımovun imzaladığı hər iki bəyanatda qeyd olunub ki, Belçika və Niderland parlamentləri beynəlxalq məsələlərə münasibətdə obyektivlik, hüquqi əsaslılıq və balanslı yanaşma prinsiplərinə sadiq qalmalıdırlar.
Bildirilib ki, Azərbaycanın Ermənistanla birlikdə regionda sülh və sabitliyin təmin olunması istiqamətində atdığı addımların nəzərə alınmaması qəbul edilmiş qətnamələrin qeyri-obyektiv xarakter daşıdığını göstərir və konstruktiv əməkdaşlıq ruhuna uyğun deyil:
"Bu cür hərəkətlər regionda gərginliyi artıran, sülh və sabitliyə ciddi təhdid yaradan qəbuledilməz addımlardır. Azərbaycan hər zaman qonşu dövlətlərlə mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə sadiq olduğunu dəfələrlə bəyan edib. EAPCA hər iki dövlətin parlamentlərini mövqelərini yenidən nəzərdən keçirməyə və daha ədalətli, balanslı yanaşma nümayiş etdirməyə dəvət edib".
Vurğulanıb ki, Niderlandın Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində bu ölkənin xarici işlər naziri Tom Berendsen şəxsən iştirak edib və hökumətin bu qətnamənin əleyhinə olduğunu parlamentarilərin diqqətinə çatdırıb.
Qeyd edək ki, aprelin 16-da Belçika və Niderland parlamentlərində Azərbaycan əleyhinə qətnamələrin qəbul olunması ilə əlaqədar adları çəkilən ölkələrin Bakıdakı səfirləri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.