Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 23-də Bakıda səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadə ilə görüş keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Xarici İşlər Nazirliyindən bildirilib, görüş zamanı Azərbaycan–İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, eləcə də İranda baş verən son gərginlik və regional proseslər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Nazir müavini Vahid Cəlalzadə İranda mövcud vəziyyət və son hadisələrlə bağlı qarşı tərəfi məlumatlandırıb. Ceyhun Bayramov isə Azərbaycanın İranda sabitliyin qorunmasına önəm verdiyini vurğulayıb, baş verən hadisələr zamanı həlak olan şəxslərin ailələrinə başsağlığı diləklərini çatdırıb.
Görüşdə Azərbaycan və İran arasında dostluq münasibətlərinin inkişafında dövlət başçıları səviyyəsində təmasların, qarşılıqlı səfərlərin və siyasi dialoqun xüsusi əhəmiyyət daşıdığı qeyd olunub. Tərəflər həmçinin iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının fəaliyyətini müsbət qiymətləndiriblər.
Nazirlər nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın perspektivlərini də müzakirə ediblər. Bildirilib ki, Azərbaycan və İran tərəfindən icra olunan bir sıra birgə layihələr regiondan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır.
Görüş zamanı tərəfləri maraqlandıran digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.