"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada ikitərəfli danışıqların yekunlarına dair rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında bildirib.
"Bu layihə bizim üçün böyük əhəmiyyət kəsb edir", - C.Bayramov deyib.
Nazir vurğulayıb ki, dəhlizin Azərbaycan hissəsinin inkişafının Rusiya tərəfi ilə əvvəlcədən razılaşdırılmış bütün aspektləri vaxtında icra olunur.
Onun sözlərinə görə, ehtiyac yaranarsa, Azərbaycan 2028-ci ilədək dəhlizin ötürücülük qabiliyyətini ildə 5 milyon tona qədər artırmağa hazırdır: "Rusiya tərəfindən bütün işlərin başa çatdırılması və İran ərazisində işlərin yekunlaşmasından sonra Bakı dəhlizin öz ərazisində yerləşən hissəsinin ötürücülük qabiliyyətini artırmağa hazırdır".
C.Bayramov İran Astarasında dəmir yolu infrastrukturunun inkişafına xüsusi diqqət ayırıb. O qeyd edib ki, Azərbaycan kapitalı hesabına maliyyələşən terminalın tikintisi faktiki olaraq (hazırlıq 98 % olaraq qiymətləndirilir) başa çatıb. Hazırda tərəflər obyektin istismara verilməsi və qəbulu üzrə prosedurların yekun olaraq razılaşdırılması üzərində işləyirlər.