FIFA prezidenti Canni İnfantino İran milli komandasının Dünya Kubokundakı ilk oyunundan sonra futbolçularla görüşərək onlara dəstək mesajı verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Məlumata görə, İnfantino İran millisinin Yeni Zelandiya ilə keçirilən və 2:2 hesabı ilə başa çatan oyundan sonra komandanın soyunma otağına baş çəkib və futbolçular qarşısında çıxış edib.
FIFA prezidenti oyunun çətin keçdiyini qeyd edərək, İran yığmasının qələbəyə daha yaxın tərəf olduğunu bildirib. O, komandanın qarşıda daha iki oyununun olduğunu xatırladaraq futbolçuların dünya ictimaiyyətinə mühüm mesaj verdiyini vurğulayıb.
“Bugünkü matç çətin idi və daha çox şans olsaydı, qalib gələ bilərdin. Amma hələ iki matçın qalıb və bu oyunlarda bir daha dünyanı öz çıxışınla fəxr etdirəcəksən. Nələrdən keçdiyini bilirəm, başa düşürəm, amma sən bütün bunlardan daha güclüsən. Bu gecə bütün stadionu öz ətrafında birləşdirdin və dünyaya güclü mesaj göndərdin”, - deyə İnfantino bildirib.
Qeyd edək ki, İran millisi qrup mərhələsində növbəti oyunlarını Belçika (21 iyun) və Misirə (27 iyun) qarşı keçirəcək.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə Dünya Kuboku 19 iyul tarixində başa çatacaq. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edir. Komandalar 12 qrupa bölünüb və hər qrupdan ilk iki yeri tutan yığmalarla yanaşı, üçüncü yeri tutan ən yaxşı səkkiz komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.