ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin başa çatmasının bir çoxlarının düşündüyündən daha yaxın ola biləcəyini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Ağ Evdə jurnalistlərə açıqlama verən Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə son telefon danışıqlarından sonra sülh sazişinin əldə olunması perspektivlərinə nikbin yanaşdığını deyib.
Məlumata görə, Tramp və Putin arasında baş tutan 85 dəqiqəlik telefon danışığında Ukraynadakı müharibənin nizamlanması yolları müzakirə olunub. ABŞ Prezidenti söhbəti "yaxşı zəng" kimi qiymətləndirib. O, həmçinin Zelenskinin də münaqişənin tezliklə başa çatdırılmasında maraqlı olduğunu bildirib və bu məsələnin NATO sammitində əsas müzakirə mövzularından biri olacağını qeyd edib.
Bununla yanaşı, Ukraynada vəziyyətin gərgin olaraq qaldığı vurğulanır. Bildirilir ki, ötən gecə Kiyev və ətraf bölgələrə endirilən raket və pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində azı 28 nəfər həlak olub.
Qeyd olunur ki, Ankara şəhərində keçiriləcək NATO sammiti çərçivəsində Donald Tramp və Volodimir Zelenskinin görüşü planlaşdırılır. ABŞ rəsmiləri bu görüşün müharibənin başa çatdırılması istiqamətində aparılan diplomatik səylərin tərkib hissəsi olduğunu bildirirlər.
Kremlin sözçüsü Dmitri Peskov isə Trampın mövqeyində dəyişiklik olmadığını, onun Rusiya tərəfinin arqumentlərini dinləməyə açıq olduğunu deyib. Öz növbəsində, Volodimir Zelenski "Financial Times"a müsahibəsində Trampla son telefon danışığını müsbət qiymətləndirib.