İtaliyanın “Fiorentina” klubunun ispaniyalı qapıçısı David De Xeanın gələcəyi ilə bağlı qərar qəbul edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 35 yaşlı qolkiperlə bağlı daha əvvəl yayılan transfer iddialarına baxmayaraq, klub rəhbərliyi futbolçunu komandada saxlamaq niyyətindədir.
Məlumata görə, tanınmış insayder Nikolo Skiranın yaydığı xəbərə əsasən, “Fiorentina” rəhbərliyi və məşqçilər korpusu David De Xeanı növbəti mövsümdə də əsas qapıçı kimi görür. Klubun bu qərarı təcrübəli futbolçunun komandaya verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir.
Qeyd edək ki, David De Xea 2024-cü ildə “Fiorentina”ya keçib. İspan qapıçı ötən mövsüm bütün turnirlərdə 46 qarşılaşmada meydana çıxıb. Bu oyunlarda 59 qol buraxan De Xea 13 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.
Tərəflər arasında mövcud müqavilənin müddəti isə 2028-ci ilin ortalarına qədər nəzərdə tutulub.