İspaniyanın "Barselona" klubu İngiltərənin "Çelsi" komandasında çıxış edən hücumçu Joao Pedronu özünün potensial transfer hədəfləri siyahısına daxil edib.
"Operativ Məlumat Mərkəzi-OMM" "ESPN Brasil" nəşrinə istinadən xəbər verir ki, Kataloniya nəhəngi Madridin "Atletiko" klubundan Xulian Alvaresin transferi baş tutmayacağı təqdirdə, braziliyalı oyunçunu ehtiyat variant kimi görür.
"Mavi-qırmızılar"ın nümayəndələri artıq Pedro ilə əlaqə yaradıblar. Lakin London təmsilçisi qarşıdan gələn yay transfer pəncərəsində hücumçusu ilə yollarını ayırmaq niyyətində deyil.
Hazırda futbolçunun özü də klubunu dəyişmək barədə düşünmür. O, bütün diqqətini mövsümün son oyunlarına cəmləyib.
Xatırladaq ki, Joao Pedro ötən ilin iyul ayında "Brayton"dan "Çelsi"nin heyətinə qatılıb.
"Transfermarkt" portalının qiymətləndirməsinə əsasən, 24 yaşlı oyunçunun hazırkı bazar dəyəri 75 milyon avro təşkil edir.