İspaniyanın “Barselona” klubu heyətini gücləndirmək üçün Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvaresi transfer etməyi planlaşdırır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Kataloniya təmsilçisi argentinalı futbolçunun komandaya böyük töhfə verə biləcəyini düşünür və “Atletiko”nun maliyyə vəziyyətinin bu keçid üçün imkan yarada biləcəyinə inanır.
“Sport” nəşrinin məlumatına görə, Madrid klubu cari transfer dönəmində artıq 80 milyon avrodan çox vəsait xərcləyib. Bununla yanaşı, komandadan göndərilməsi nəzərdə tutulan futbolçuların satışı gözlənilən sürətdə baş tutmur.
Bildirilib ki, bu vəziyyət “Atletiko”nu maliyyə balansını qorumaq üçün yüksək bazar dəyərinə malik oyunçularından birini satmağa məcbur edə bilər. Bu baxımdan Xulian Alvares üçün gələn təkliflər klub rəhbərliyi tərəfindən ciddi şəkildə nəzərdən keçirilə bilər.
Qeyd edək ki, “Transfermarkt” portalı 25 yaşlı argentinalı hücumçunun bazar dəyərini təxminən 100 milyon avro olaraq qiymətləndirir.