Bakı şəhərində 161 və 162 nömrəli marşrutların istismarı müvəqqəti olaraq yeni daşıyıcılara həvalə edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, daşıyıcı "Azland Plaza" MMC-nin hər iki şəhərətrafı marşrutun istismarını dayandırması nəzərə alınaraq, sərnişindaşımanın fasiləsiz həyata keçirilməsi məqsədilə müvəqqəti tədbirlər görülüb.
Bu gündən 161 nömrəli marşrutun istismarı müvəqqəti olaraq "Çinar Trans" MMC-yə, 162 nömrəli marşrutun istismarı isə "Xaliq Faiqoğlu" MMC-yə həvalə olunub.
161 nömrəli marşrut Hövsan qəsəbəsi - Suraxanı qəsəbəsi, 162 nömrəli marşrut Ramana yaşayış kompleksi - "Koroğlu" NMM istiqamətində hərəkət edir.
Marşrutlar yaxın günlərdə müsabiqəyə çıxarılacaq.