Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakının 7 küçəsində üzərində yaşayış evləri tikilmiş su və kanalizasiya xətlərinin yerini dəyişdirir.
“Operativ Məlumat Mərkəzi-OMM”-in Xidmətə istinadən verdiyi məlumata görə, paytaxtın bəzi ərazilərində evlər qeyri-qanuni şəkildə magistral içməli və tullantı su xətlərinin mühafizə zolağında inşa olunub. Nəticədə, istismar müddətini başa vuran və ya üzərindəki tikililərin ağırlığına tab gətirməyən xətlər sıradan çıxır.
Bakı metrosunda xətlərin ayrılması layihəsi plan üzrə icra olunur
Belə hallardan biri Biləcəri qəsəbəsinin Tomris və Zeytun küçələrində qeydə alınıb. Burada kollektorun üzərində evlərin tikilməsi və sakinlərin fərdi kanalizasiya xətlərini magistral xəttə birbaşa qoşması səbəbindən mövcud xətt yararsız hala düşüb və yenisi ilə əvəzlənir.
Xidmət tərəfindən sakinlərə əvvəlcədən xəbərdarlıq edilib. Bildirilib ki, su və kanalizasiya xətlərinin mühafizə zonasında tikililərin olması ciddi təhlükə yaradır, yüklənmə nəticəsində həm infrastruktur sıradan çıxır, həm də yaşayış evlərinə ziyan dəyə bilər.
Hazırda qəzalı tullantı su kollektorunun Atropat, Tomris, Atilla, Kəhriz və Yaşar Sadıqov küçələrinin müəyyən hissələrini əhatə edən yeni marşrut üzrə köçürülməsi həyata keçirilir. Diametri 1000 mm olan köhnə kollektorun əvəzinə 1152 metr uzunluğunda yeni magistral xətt inşa olunur. Bu xəttin artıq 1068 metri çəkilib.
Layihə çərçivəsində 22 quyu nəzərdə tutulub, onlardan 14-ü artıq tikilib. Eyni zamanda 2304 metr abonent xətti çəkilir. Ərazidə sistemin tam işlək vəziyyətə gətirilməsi üçün diametri 300 mm olan 1050 metr uzunluğunda əlavə kanalizasiya kollektoru da inşa ediləcək.
Digər bir ünvan Yasamal rayonu, Həbib bəy Səlimov küçəsidir. Burada evlər su xəttinin üzərində tikildiyindən yüklənmə nəticəsində qəza yaranıb. Problemin aradan qaldırılması üçün 48 metr yeni xətt çəkilərək istismara verilib.
Oxşar vəziyyət Nərimanov rayonu, Montin yaşayış massivi, Şahin Mustafayev küçəsində də qeydə alınıb. Mövcud kanalizasiya xəttində baş verən qəza xəttin yaşayış evinin altında qalması səbəbindən yerində bərpa edilə bilməyib. Bu səbəbdən yeni xəttin çəkilməsinə qərar verilib. Ərazinin qayalıq olması səbəbindən işlər xüsusi texnika ilə aparılır və yaxın günlərdə yekunlaşdırılması planlaşdırılır.