Azərbaycan Silahlı Qüvvələrinin 105 illik yubileyi Pakistanda qeyd edilib

Azərbaycan Silahlı Qüvvələrinin 105 illik yubileyi Pakistanda qeyd edilib
26.06.2023 13:56
Aa
dəq

Azərbaycan Silahlı Qüvvələrinin 105 illik yubileyi Pakistanın paytaxtı İslamabad şəhərində təntənəli qeyd olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfirliyin nəzdində Hərbi attaşe aparatı tərəfindən İslamabad şəhərinin Marriott mehmanxanasında təşkil olunan təntənəli rəsmi qəbulda ali qonaq qismində Pakistanın Hərbi Hava Qüvvələri komandanının müavini Aviasiya Marşalı İrfan Əhməd iştirak edib.

Tədbirdə eyni zamanda Pakistanın tanınmış ictimai-siyasi xadimləri, xarici ölkələrin Pakistandakı səfir və hərbi attaşeləri, diplomatlar, Pakistan ordusunun yüksək rütbəli zabitləri, mətbuat nümayəndələri, Pakistanda yaşayan azərbaycanlılar və Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyinin əməkdaşları və onların ailə üzvləri iştirak ediblər.

Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov giriş nitqində tədbir iştirakçılarını salamlayıb və Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi haqqında tədbir iştirakçılarına məlumat verib və 1918-ci ilin 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Azərbaycanın ilk milli diviziyasının yaradıldığını bildirib.

Səfir, 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın hərbi təcavüzü və daxili vətəndaş müharibəsinin getdiyi bir vaxta xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyini, ölkədəki xaos və anarxiyanı aradan qaldırdığını, ölkədəki iqtisadi-siyasi sabitliyi təmin etdiyini diqqətə çatdırıb. Məhz Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində hər bir sahədə olduğu kimi ordu quruculuğunda da böyük uğurlar qazanıldığını qeyd edib.

Xəzər Fərhadov Ümummilli Lider Heydər Əliyevin apardığı siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulanıb. O, yüksək döyüş hazırlığına malik və müasir silahlarla silahlanmış Azərbaycan Silahlı Qüvvələrinin cəsur mənsublarının Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin komandanlığı altında 2020-ci ildə 44-günlük Vətən müharibəsində qazanılmış zəfəri qızıl hərflərlə tarixə yazaraq Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş ərazilərini işğaldan azad etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfir Azərbaycan Silahlı Qüvvələinin həyata keçirdiyi müasir dövrün hərbi əməliyyatlarının döyüş strategiyası və taktikasının dünyanın qabaqcıl hərbi təhsil müəssisələrində təhlil edildiyini və öyrənildiyini qeyd edib.

X.Fərhadov Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən söhbət açaraq, orada Azərbaycan Respublikası Hökuməti tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumatları qonaqların diqqətinə çatdırıb.

Səfir Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlıq münasibətlərinə xüsusi önəm verdiyini və ikitərəfli əməkdaşlığın günü-gündən inkişaf etdiyini vurğulayıb. O, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına son rəsmi səfərini xatırladaraq sözügedən səfərin yüksək səviyyədə keçdiyini və səfər çərçivəsində iqtisadi-ticari, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin qərara alındığını bildirib.

Səfir Xəzər Fərhadov, Azərbaycan ilə Pakistan arasında digər sahələrdə olduğu kimi ikitərəfli hərbi əlaqələrin də yüksələn templə inkişaf etdiyini və hərbi və hərbi-texniki sahədə əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə inandığını söyləyib.

Azərbaycan Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi polkonik Mehman Novruzov tədbirdə çıxış edərək bildirib ki, zəngin təbii sərvətlərə və strateji əhəmiyyətli coğrafi mövqeyə sahib olan Azərbaycan xalqı əsrlər boyu güclü dövlətlərin təzyiqlərinə və hərbi təcavüzlərinə ciddi müqavimət göstərərək müstəqillik və dövlətçilik uğrunda mübarizə aparıb. Hərbi attaşe Çar Rusiyası süqut etdikdən sonra 28 may 1918-ci il tarixində Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını və cümhuriyyətin 23 ay mövcud olduğu müddətdə müstəqil dövlətin bütün atributlarının, o cümlədən Azərbaycan Ordusunun yaradıldığını qeyd edib. O, erməni-bolşevik birliyinin işğalçı siyasətinə qarşı mübarizə aparan Azərbaycan hökuməti tərəfindən 1918-ci il iyunun 26-da diviziya statuslu hərbi korpusun yaradılması haqqında qərar qəbul etdiyini və bununla da milli ordunun təməlinin qoyulduğunu diqqətə çatdırıb. 1920-ci ildə Azərbaycanın müstəqilliyinin qızıl ordu tərəfindən süquta uğradılmasına baxmayaraq, Sovet İttifaqı dövründə də Azərbaycan xalqının milli döyüş ruhunun və qədim hərbi ənənələrinin davam etdirdiyini və
II Dünya müharibəsində Azərbaycan diviziyalarının Bakıdan Berlinədək döyüş yolu keçməsi barədə iştirakçıları məlumatlandırıb.

O, Ulu Öndər Heydər Əliyevin hələ Sovet İttifaqı dövründə Azərbaycanlı gənclərin hərbi hazırlığını diqqətdə saxladığını və onun təşəbbüsü və gərgin səyləri nəticəsində 1971-ci ildə Bakı şəhərində Cəmşid Naxçıvanski adına ilk hərbi liseyin açılmasına nail olunduğunu və 1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra həmin liseyin Azərbaycan Silahlı Qüvvələrinin qurulmasında böyük təməl rolu oynadığını diqqətə çatdırıb.

Polkovnik Mehman Novruzov Azərbaycan Silahlı Qüvvələri tarixinin qəhrəmanlıq səlnaməsi olan 44-günlük Vətən müharibəsindən söz açaraq, 2020-ci ilin 27 sentyabr tarixində erməni hərbi təxribatlarına cavab olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks hücum əməliyyatı nəticəsində 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olmuş Azərbaycanın 20% ərazilərinin azad olunduğunu, Ermənistanın kapitulyasiyaya məcbur edildiyini və beləliklə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 27 il müddətində kağız üzərində qalmış dörd qətnaməsinin icra olunduğunu diqqətə çatdırıb.

Hərbi attaşe, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında və apardığı uzaqgörən siyasəti nəticəsində yüksək peşəkarlığa malik və müasir silahlarla silahlanmış Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü müdafiə etmək və ölkənin potensial təhlükəsizlik çağırışlarına cavab verməyə qadir olmaqla yanaşı, həm də regional və qlobal sülhə və təhlükəsizliyə mühüm töhfələr vermək iqtidarında olduğunu vurğulayıb.

Polkovnik Mehman Novruzov Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlıq münasibətinin mövcud olduğunu və Azərbaycan-Pakistan ikitərəfli hərbi əməkdaşlığının qardaşlıq, ortaq dəyərlər və məqsədlər üzərində qurulduğunu vurğulayaraq ölkələrimizin silahlı qüvvələri arasında həyata keçirilən yüksək səviyyəli səfərlərin, hərbi-təhsil proqramlarında iştirakın, birgə təlimlərin keçirilməsinin, eləcə də hərbi-texniki əməkdaşlığın daha da inkişaf etməsinin Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın daha da dərinləşməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Tədbirdə iştirak edən Pakistan Silahlı Qüvvələrinin Hərbi Orkestri tərəfindən Azərbaycan və Pakistanın dövlət himnlərini və Azərbaycan, Pakistan və Türkiyənin hərbi marşları ifa edilib.

Toplantının keçirildiyi salonunun girişində Azərbaycanın tarixini, mədəniyyətini və turizm potensialını əks etdirən fotolar qonaqlara nümayiş olunub.

Tədbirdə Azərbaycanın Silahlı Qüvvələrinin döyüş hazırlığına və hərbi gücünə, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfərə və Azərbaycanın iqtisadi uğurlarına dair müxtəlif videoçarxlar nümayiş etdrilib.

Rəsmi qəbul Pakistanın televiziya kanalları və nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu