Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən fevralın 5-dək güclü külək, intensiv yağıntılar, bəzi ərazilərdə qar yağması və temperaturun xeyli enməsi gözlənilir.
FHN güclü külək zamanı yüngül konstruksiyalardan, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəkləri, naqillər və hündür ağacların altında dayanmağı tövsiyə etmir. Küləkli havalarda yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi əməl olunmasının vacibliyi vurğulanır.
Nazirlik soyuq hava ilə əlaqədar qaz və elektrik qızdırıcılarından istifadə zamanı diqqətli olmağa çağırır. Nasaz və qeyri-standart qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi yüklənməməli, işlək vəziyyətdə olan cihazlar nəzarətsiz buraxılmamalıdır.
Dağlıq ərazilərdə yaşayanlara isə şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməmək, zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını məlumatlandırmaq, avtomobillərin texniki vəziyyətini və yanacaq ehtiyatını təmin etmək tövsiyə olunur. Qar uçqunu təhlükəsi olan ərazilərdən uzaq durmaq və hava qaralmadan geri qayıtmaq məsləhət görülür.