“Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyalarının indeksləşdirilərək artırılması hər il yanvar ayından tətbiq olunur. Yanvar ayı üzrə pensiyalar artıq tam ödənsə də, artımların bu ay verilməməsi pensiyaçıları maraqlandırır. Mövzuya münasibət bildirən millət vəkili Vüqar Bayramov artımların nə vaxt ödəniləcəyinə aydınlıq gətirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, deputat sosial şəbəkə hesabında qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il əvvəlki ildə ölkə üzrə orta aylıq əmək haqqının artım faizinə uyğun olaraq indeksasiya edilir. Artım faizi hələ rəsmi şəkildə açıqlanmasa da, pensiya artımları məhz yanvar ayından hesablanır.
Vüqar Bayramovun sözlərinə görə, 2025-ci ilin ilk 11 ayının nəticələrinə əsasən, orta aylıq əmək haqqı 9,3 faiz artıb. İlin yekunu üzrə bu göstəricinin təxminən 9,2 faiz olacağı gözlənilir. Dəqiq rəsmi statistika isə Dövlət Statistika Komitəsi tərəfindən fevral ayının əvvəllərində açıqlanacaq.

Deputat vurğulayıb ki, məhz bu səbəbdən indeksləşdirmə fevral ayının ilk günlərində aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablandığı üçün fevral ayında pensiyaçılara həm fevral ayının artımlı pensiyası, həm də yanvar ayı üzrə hesablanan əlavə məbləğ birlikdə ödəniləcək. Beləliklə, vətəndaşlar pensiya artımlarını gələn aydan etibarən alacaqlar.
Vüqar Bayramov əlavə edib ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası alan bütün vətəndaşların pensiya məbləğinə artım tətbiq ediləcək.