Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, məhkəmənin qərarı olmadan axtarış və ya götürmənin həyata keçirilə biləcəyi halların dairəsi genişləndirilir.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bununla bağlı qanunvericilik təşəbbüsü Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.
Dəyişiklik layihəsində qeyd olunur ki, təxirəsalınmaz hallarda müstəntiqin əlində şəxsiyyətə və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə, yaxud belə cinayətlərin hazırlanmasına dair əsaslı şübhə yaradan dəqiq məlumat olduqda, məhkəmə qərarı olmadan axtarış və ya götürmə aparılması mümkün olacaq. Bu hallar, həmçinin İKT sistemlərinin, onların tərkib hissələrinin, elektron məlumatların saxlandığı daşıyıcıların və ya elektron verilənlərin gizlədilməsi və ya məhv edilməsi ehtimalı ilə bağlıdır.
Sənədə əsasən, istintaq zamanı əldə edilən sübutlar və ya əməliyyat-axtarış fəaliyyəti nəticəsində toplanan materiallar hər hansı informasiya-kommunikasiya texnologiyaları (İKT) sistemində, elektron daşıyıcılarda və ya verilənlər bazalarında iş üçün əhəmiyyətli məlumatların mövcudluğunu güman etməyə kifayət qədər əsas verərsə, həmin sistemlərdə axtarış aparıla və müvafiq texniki vasitələr götürülə biləcək.
Qeyd olunur ki, İKT sistemlərinin, elektron daşıyıcıların və ya verilənlərin götürülməsi zamanı mütləq qaydada mütəxəssisin iştirakı təmin ediləcək.