Azərbaycanda kibercinayətkarlıqla mübarizənin gücləndirilməsi məqsədilə Cinayət və Cinayət-Prosessual Məcəllələrinə (CPM) mühüm dəyişikliklər təklif olunur.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, müvafiq qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihənin əsas məqsədi kibercinayətkarlıq sahəsində yaranan yeni çağırışlara adekvat cavab vermək, mövcud hüquqi boşluqları aradan qaldırmaq və beynəlxalq öhdəliklərin, xüsusilə BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının tələblərini milli qanunvericiliyə tam inteqrasiya etməkdir.
Təklif olunan dəyişikliklər texnoloji inkişafı nəzərə alaraq köhnəlmiş terminlərin müasir hüquqi anlayışlarla əvəzlənməsini nəzərdə tutur. Belə ki, qanunvericilikdə istifadə olunan “kompüter sistemi” anlayışı “İKT sistemi”, “kompüter məlumatları” termini isə “elektron verilənlər” ifadəsi ilə əvəz edilir. Bu yanaşma smartfonlar, serverlər, bulud texnologiyaları və digər müasir rəqəmsal vasitələrin hüquqi tənzimləmə dairəsinə daxil edilməsinə imkan yaradır.
Eyni zamanda, qanunvericiliyə “trafik verilənləri”, “abunəçi məlumatları”, “məzmun verilənləri” və “xidmət provayderi” kimi yeni hüquqi terminlər əlavə olunur.
Cinayət-Prosessual Məcəlləsinə edilən əlavələr elektron sübutların toplanması və istifadəsini aydın hüquqi çərçivəyə salır. Buraya elektron verilənlərin əldə edilməsi, mühafizəsi, prosessual qaydada rəsmiləşdirilməsi, eləcə də İKT sistemlərinə baxış, axtarış və götürmə tədbirlərinin hüquqi əsaslarının və hüdudlarının dəqiqləşdirilməsi daxildir. Bu dəyişikliklər elektron sübutların etibarlılığının və məhkəmədə qiymətləndirilməsinin şəffaflığının artırılmasına xidmət edəcək.
Layihəyə əsasən, CPM-ə “Məhkəməyədək icraatın elektron qaydada aparılması” və “Məhkəmə icraatının elektron qaydada aparılması” adlı yeni maddələr də əlavə edilir. Hazırda qüvvədə olan “Cinayət mühakimə icraatının elektron qaydada aparılması” maddəsi isə genişləndirilərək yeni redaksiyada təqdim olunur. Bundan əlavə, məhkəmə və prokurorluq orqanları arasında sənəd dövriyyəsinin “Elektron məhkəmə” və “Elektron prokurorluq” sistemləri vasitəsilə, gücləndirilmiş elektron imza ilə həyata keçirilməsi mexanizmi qanunvericilikdə təsbit edilir.
Qeyd olunub ki, qanun layihəsi hazırlanarkən Almaniya, ABŞ, Türkiyə, Böyük Britaniya, Niderland və Özbəkistan kimi ölkələrin qabaqcıl hüquqi təcrübəsi araşdırılıb.