Ali Məhkəmə, "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" qəbul etdiyi yeni Plenum qərarı ilə "WhatsApp" yazışmalarının şəxsin xəbəri olmadan izlənilməsinin qanunsuz olduğunu təsdiqləyib. Bu qərar şəxsi yazışmaların toxunulmazlığına dair mühüm bir mövqe ortaya qoyur.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu qərar hər kəsin yazışma, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatlarının sirrinin qorunmasına təminat verir.
Qərarda açıq şəkildə bildirilir: "Şəxsin razılığı olmadan onun şəxsi yazışmalarının qanunazidd əldə olunması, istifadəsi və ya yayılması şəxsi toxunulmazlıq hüququnun pozuntusu hesab olunur".
Hansı Hallarda Yazışmalara Müdaxilə Mümkündür?
Bununla belə, qərarda bu hüququn mütləq olmadığı da vurğulanıb.
Şəxsi yazışmaların toxunulmazlığı yalnız qanunla nəzərdə tutulmuş qaydada, cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
Yazışmalar Məhkəmədə Sübut Kimi İstifadə Oluna Bilərmi?
Hüquqi mübahisələrin həlli zamanı tərəflər yalnız öz aralarında olan yazışmaları məhkəməyə və ya digər səlahiyyətli quruma (məsələn, mediasiya, arbitraj) sübut qismində təqdim edə bilərlər.
Lakin bir şəxs, başqa iki tərəf arasındakı yazışmanı öz hüquqi mübahisəsinin həllində sübut kimi istifadə edə bilməz.
Ali Məhkəmənin Plenumu xüsusi olaraq qeyd edib ki, istənilən yazışmanın media və ya internet şəbəkələrində qarşı tərəfin razılığı olmadan paylaşılması və ya hər hansı digər formada yayılması qəti qadağandır.