2026-cı ilin yanvar ayında dövlət büdcəsinin icrasında müsbət dinamika və yüksək göstəricilər qeydə alınıb. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 37 mindən çox ödəniş tapşırığı uğurla icra edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, cari ilin ilk ayında dövlət büdcəsinin gəlirləri 3 707,3 milyon manat təşkil edib. Bu nəticə aylıq proqnozu 32,0 milyon manat və ya 0,9 faiz üstələyib.
Dövlət büdcəsinin gəlirlərinin qurumlar üzrə bölgüsü aşağıdakı kimidir:
- İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: 2 050,3 milyon manat (proqnozdan 50,3 milyon manat və ya 2,5 faiz çox);
- Dövlət Gömrük Komitəsi: 487,0 milyon manat (proqnozdan 2,0 milyon manat və ya 0,4 faiz çox);
- Əmlak Məsələləri Dövlət Xidməti: 4,9 milyon manat (proqnozdan 0,2 milyon manat və ya 4,4 faiz çox);
- Sair daxilolmalar: 31,0 milyon manat (proqnozdan 3,1 milyon manat və ya 11,2 faiz çox);
- Dövlət Neft Fondundan transfert: 1 070,0 milyon manat (proqnoz 100 faiz icra edilib).
Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 64,1 milyon manat təşkil edərək, proqnoza qarşı 73,1 faiz icra olunub.
Yanvar ayında dövlət büdcəsinin xərcləri 1 500,0 milyon manat proqnoza qarşı 1 437,6 milyon manat məbləğində icra edilib ki, bu da 95,8 faiz təşkil edir.
Ümumilikdə, 2026-cı ilin yanvar ayı ərzində icmal büdcənin gəlirləri 4 411,9 milyon manat, xərcləri isə 1 717,5 milyon manat məbləğində olub.