Azərbaycanın bir sıra bölgələrində müşahidə olunan əlverişsiz hava şəraiti yollarda sürüşmə ehtimalını artıraraq nəqliyyatın hərəkətini ciddi şəkildə çətinləşdirə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı edilən xəbərdarlıqları nəzərə alaraq sürücü və piyadaları daha diqqətli və ehtiyatlı olmağa çağırıb.
Qurumdan bildirilib ki, hərəkət zamanı sürət həddi yol və hava şəraitinə uyğun seçilməli, öndə gedən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsi saxlanılmalıdır. Kəskin manevrlər və təhlükəli ötmə əməliyyatlarının aparılması yolverilməzdir.
Eyni zamanda sürücülərə avtomobillərin texniki vəziyyətinə xüsusi diqqət yetirmək, xüsusilə təkərlərin mövsümə uyğun şinlərlə təchiz olunmasına, əyləc və işıq sistemlərinin sazlığını yoxlamağa çağırış edilib.
Qeyd edək ki, meteoroloji proqnozlara əsasən, bu gün Azərbaycanın bir sıra bölgələrində intensiv yağıntılar, bəzi ərazilərdə isə qar yağışı gözlənilir. BDYPİ hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.