Azərbaycana müvafiq təsdiqedici sənəd əsasında təsdiq ediləcək siyahı üzrə incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların ölkəyə idxalı ƏDV-dən azad edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezident İlham Əliyev Milli Məclisin fevralın 13-də qəbul etdiyi Vergi Məcəlləsində, "Banklar haqqında" və "Gömrük tarifi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
ƏDV-dən azadolma bu əşyaların idxalçılarının xərclərini optimallaşdıracaq. Nəticədə bu addım idxalın yüksəlməsinə, mədəniyyət obyektlərinin və muzeylərin eksponatlarla zənginləşdirilməsinə töhfə verəcək.
Eyni zamanda, bu qərar beynəlxalq mədəni inteqrasiyanın güclənməsinə, pul, antik əşya və incəsənət əsərləri kolleksiyaçılarının dəstəklənməsinə xidmət edəcək. Bir sıra inkişaf etmiş ölkələrin təcrübəsində də bu cür əşyaların idxalından vergilərin tutulmaması praktikası mövcuddur.