Şübhəli internet resurslarından 372 saxta sayt, link və keçid bloklanıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, DİN ilə Azərbaycan Mərkəzi Bankı arasında qurulmuş əməkdaşlıq çərçivəsində kiber risklər sistemli şəkildə təhlil olunur, eyni zamanda bank müştərilərinin maarifləndirilməsi təmin edilir.
Kiberdələduzluğa qarşı effektiv tədbirlər
Ötən il həyata keçirilən tədbirlər nəticəsində onlayn məkanda bank kartlarından talama məqsədilə istifadə edilən 372 şübhəli internet resursu müəyyən olunaraq bloklanıb. Görülən bu tədbirlər bank kartlarına qanunsuz müdaxilə hallarının azalmasına mühüm təsir göstərib.
Vaxtında müraciət oğurluğun qarşısını alır
Aparılan təhlillər göstərir ki, bank kartı istifadəçiləri şübhəli əməliyyatlarla rastlaşdıqları zaman dərhal müştərisi olduqları banka məlumat verdikdə, qabaqlayıcı tədbirlər daha effektiv olur. Bu halda:
kartdakı vəsaitin oğurlanmasının qarşısı alınır,
kartlara müdaxilənin istiqaməti operativ şəkildə müəyyən edilir,
mövcud risklər vaxtında neytrallaşdırılır.
DİN-dən vətəndaşlara çağırış
Daxili İşlər Nazirliyi bank kartı istifadəçilərinə bir daha tövsiyə edir ki, şübhəli əməliyyatlar, naməlum linklər və saxta internet resursları ilə qarşılaşdıqları zaman dərhal:
müştərisi olduqları bank,
polis orqanları ilə əlaqə saxlasınlar
və bu cür hallara biganə yanaşmasınlar.