Operativ Məlumat Mərkəzi

​​​​​​​Aviasiya personalına şəhadətnamələrin və vəsiqələrin verilməsi qaydası müəyyənləşib

6 dəq
Paylaş:
​​​​​​​Aviasiya personalına şəhadətnamələrin və vəsiqələrin verilməsi qaydası müəyyənləşib

Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Bu Qaydaların müddəaları aşağıdakı şəxslərə şamil edilir:
- həvəskar pilot;
- kommersiya pilotu;
- nəqliyyat pilotu;
- çoxheyətli pilot;
- hava şarı pilotu;
- naviqator;
- bort mühəndisi;
- bort radiooperatoru (bort radist);
- havada hərəkəti idarəetmə dispetçeri;
- hava gəmisi texnikləri.
Aviasiya personalına şəhadətnamələrin, ixtisas qeydlərinin, vəsiqələrin, sertifikatların və ya digər əlaqəli sənədlərin verilməsi, yenidən təsdiq edilməsi və ya müddətinin uzadılması, eləcə də onlarda hər hansı dəyişiklik edilməsi və üzv dövlətdə verilmiş analoji sənədlərin Azərbaycan Respublikasında təsdiq edilməsi və ya konvertasiyası üçün ərizə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinə təqdim edilir. Ərizə ərizəçilərin bu Qaydalarda nəzərdə tutulmuş şəhadətnamələrin, ixtisas qeydlərinin, vəsiqələrin, sertifikatların və ya digər əlaqəli sənədlərin verilməsi, yenidən təsdiq edilməsi və ya müddətin uzadılması tələblərinə uyğun olduğuna dair təsdiqedici sənədlər və məlumatlarla müşayiət olunmalıdır.

Bu Qaydalarda nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsinə nəzarət Agentlik tərəfindən həyata keçirilir. Bu Qaydalarda nəzərdə tutulmuş hallar istisna olmaqla şəhadətnamə, ixtisas qeydi və ya sertifikatla verilmiş imtiyazların məhdudlaşdırılması və ya müddətinin uzadılması Agentlik tərəfindən həmin şəhadətnamədə və ya sertifikatda təsdiq edilir. Bir şəxsin bu Qaydalara uyğun olaraq verilmiş bir hava gəmisi kateqoriyası üzrə birdən artıq şəhadətnaməyə malik olmasına yol verilmir. Ərizəçi malik olduğu pilot şəhadətnaməsinə daxil olan hava gəmisinin kateqoriyasından fərqli kateqoriyalı hava gəmiləri üçün şəhadətnamənin, ixtisas qeydlərinin və ya sertifikatların alınması, habelə həmin şəhadətnamə, ixtisas qeydi və ya sertifikatlarda dəyişiklik edilməsi, onların yenidən təsdiq edilməsi və ya müddətinin uzadılması məqsədilə ərizə ilə yenidən Agentliyə müraciət etməlidir. Şəhadətnamə, ixtisas qeydi və ya sertifikatın alınması üçün ərizəçi bacarıq testini və ya səriştənin qiymətləndirilməsini uğurlu nəticə ilə bitirdikdən sonra 6 (altı) aydan gec olmayaraq Agentliyə müraciət etməlidir. Hava gəmilərində və ya uçuşu imitasiya edən təlim qurğusunda yekunlaşdırılmış təlim bu Qaydalarla müəyyən edilmiş təcrübə və yenidən qiymətləndirmə tələbləri üçün nəzərə alınmalıdır.

Radiotelefon rabitəsindən istifadə tələbi olan ərizəçilərin və ya şəhadətnamə sahiblərinin şəhadətnamələrində ingilis dilində və ya uçuş zamanı radiotelefon rabitəsində istifadə olunan dildə dil biliyinin təsdiqi (və ya sertifikatı) olmadıqda, onlar öz şəhadətnamə və ixtisas qeydi imtiyazlarından istifadə edə bilməzlər. Azərbaycan Respublikasının ərazisində yerli uçuşlar icra edən uçuş heyətinə və hava gəmisi texniklərinə münasibətdə xarici dil tələbi yoxdur. Xarici dil biliyinin təsdiqində (və ya sertifikatında) dil, bilik səviyyəsi və etibarlılıq müddəti göstərilməlidir. Xarici dil biliyi müəyyən edilmiş tələblər əsasında imtahan yolu ilə müəyyən edilir. İmtahan Agentliyin dil biliyi üzrə ixtisaslaşmış təcrübəli mütəxəssisləri və ya Agentliyin təsdiq etdiyi dil biliyi üzrə ixtisaslaşmış təşkilat tərəfindən təşkil olunur və keçirilir. Xarici dil biliyinin qiymətləndirilməsi 6 səviyyə üzrə aparılır. Nəticəsi ən azı 4-cü səviyyə qiymətləndirilən namizədlər xarici dil biliyi imtahanından keçmiş sayılır. İşəgötürən tərəfindən tələb edildikdə kabinə heyətinin dil biliyi işə qəbul zamanı yoxlanılmalıdır. Xarici dil biliyi təsdiqinin və ya sertifikatının alınması üçün ərizəçi imtahan müddətində Agentliyin mütəxəssisinə və ya dil biliyi üzrə ixtisaslaşmış təşkilata sadə dilin və sahə üzrə ifadələrin istifadəsini nümayiş etdirməlidir. Bunun üçün ərizəçi səsli və üz-üzə vəziyyətdə effektiv kommunikasiya bacarığını nümayiş etdirməli, ümumi və işi ilə bağlı mövzularda dəqiq və aydın ünsiyyət qurmağı, həmin mövzularda anlaşılmazlıqları müəyyən etməyi və onları həll etməyi bacarmalı, bu məqsədilə ünsiyyət strategiyalarından istifadə etməli, cari işlə bağlı ünsiyyət zamanı ortaya çıxan dil çətinliklərinin öhdəsindən gəlməli, aeronaviqasiya sahəsində anlaşılan dialektdən və ya aksentdən istifadə etməlidir.

Xarici dil biliyi sertifikatı müddətli verilir. Xarici dil biliyi imtahanının nəticələrinin düzgünlüyü ilə bağlı Agentlik tərəfindən əsaslı şübhələr aşkar edildikdə bu barədə araşdırma aparılır, ərizəçinin imtahan nəticələri Agentlik tərəfindən etibarsız hesab edilir və bu barədə məlumat Agentlik tərəfindən ərizəçiyə göndərilir.

Yaşı 60-dan az və 65-dən çox olmayan şəxslərin yalnız kommersiya hava daşımalarında çoxpilotlu heyət üzvü olaraq hava gəmisinin kapitanı (komanda verən pilot) qismində işləməsinə yol verilir. Yaşı 65 və daha çox olan pilot şəhadətnaməsi sahibinin kommersiya hava daşımalarında istifadə edilən hava gəmisinin pilotu qismində işləməsinə yol verilmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər