Dünyanın aparıcı texnologiya liderləri, o cümlədən İlon Mask və Tim Kuk yaxınlaşan qlobal böhranla bağlı həyəcan təbili çalırlar.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, yaddaş çiplərinin (DRAM) çatışmazlığı artıq şirkətlərin mənfəətinə zərbə vurmağa, korporativ planları pozmağa və noutbuklardan tutmuş smartfonlara, avtomobillərdən data mərkəzlərinə qədər hər şeyin qiymətini artırmağa başlayıb.
Mütəxəssislər vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırırlar.
2026-cı ilin əvvəlindən etibarən "Tesla", "Apple" və onlarla digər iri korporasiya DRAM qıtlığının istehsalı məhdudlaşdırdığına dair siqnallar verib.
"Apple"ın rəhbəri Tim Kuk xəbərdarlıq edib ki, bu problem "iPhone" istehsalının gəlirlilik marjasını aşağı salacaq. İlon Mask isə problemin həllinin çətin olduğunu bildirərək, "Tesla"nın öz şəxsi yaddaş zavodunu tikmək məcburiyyətində qala biləcəyini bəyan edib.
Hazırda bazarda qeyri-sabitlik hökm sürür; bir çox pərakəndə satıcı və vasitəçi yaranmış vəziyyətə görə qiymətləri hər gün yeniləməli olur.