Pirəkəşkül qəsəbəsi və Ağdərə rayonu ərazisində istismar müddəti bitmiş, istifadəyə yararsız döyüş sursatlarının planlı şəkildə məhv edilməsi nəzərdə tutulur.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, məhvetmə tədbirləri 9–13 fevral tarixlərini əhatə edəcək və bütün proses təhlükəsizlik qaydalarına ciddi riayət olunmaqla həyata keçiriləcək.
Nazirliyin açıqlamasına əsasən, döyüş sursatlarının məhv edilməsi Pirəkəşkül qəsəbəsi yaxınlığında yerləşən poliqonda, eləcə də Ağdərə rayonu ərazisindəki təlim mərkəzində aparılacaq.
Rəsmi məlumatda əhalinin təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirildiyi vurğulanaraq bildirilib ki, proses zamanı eşidilə biləcək partlayış səsləri ilə bağlı sakinlərin təşvişə düşməsinə əsas yoxdur.