Azərbaycanda su idman növlərinin və xüsusilə avarçəkmənin inkişafı diqqət mərkəzindədir. Bu çərçivədə, Baş nazir Əli Əsədov ölkəmizdə səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietzko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana ilə mühüm görüş keçirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi məlumatı Nazirlər Kabineti yayıb.
Görüş zamanı idmanın inkişafının Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb. Həmçinin, ölkədə su idman növlərinin tərəqqisi məqsədilə görülən işlər barədə qonaqlara ətraflı məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə Avropa Kanoe Assosiasiyası arasında imzalanacaq Anlaşma Memorandumunun böyük əhəmiyyəti xüsusi vurğulanıb.
Qonaqlar Azərbaycanda idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin, eləcə də avarçəkmə üçün yaradılan əlverişli şəraitin onlarda böyük təəssürat yaratdığını bildiriblər.