Hörmüz boğazında yaranan gərginlik fonunda Cənubi Koreya özünün 26 gəmisi və 183 ekipaj üzvünün təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçib. Ölkə rəsmiləri ərzaq və digər strateji yüklərin fasiləsiz çatdırılması məqsədilə qonşu ölkələrin liman rəhbərlikləri ilə sıx əlaqə saxlayır.
Məlumatı “Operativ Məlumat Mərkəzi-OMM” AP agentliyinə istinadən yayıb. Vəziyyətlə bağlı rəsmi açıqlamanı Cənubi Koreya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Park İl verib.
ABŞ Prezidenti Donald Trampın bölgəyə hərbi-dəniz qüvvələri göndərməklə bağlı çağırışından sonra rəsmi Seul ehtiyatlı mövqe sərgiləyir. Cənubi Koreya hazırda Hörmüz boğazının blokadasının aradan qaldırılması istiqamətindəki səylərin dəstəklənməsi məsələsini diqqətlə müzakirə edir.
"Hökumət ABŞ tərəfi ilə sıx əlaqəni davam etdirəcək. Regionda dəyişən vəziyyəti və müxtəlif amilləri nəzərə alaraq, bu məsələni hərtərəfli araşdıracağıq", - deyə Park İl vurğulayıb.
XİN rəsmisi əlavə edib ki, regionda vəziyyətin daha da pisləşməsi halında Cənubi Koreya hökuməti təcili əlavə tədbirlər görməyi planlaşdırır.