Fövqəladə Hallar Nazirliyinin qüvvələri Sumqayıtda beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatlarını başa çatdırıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, ümumilikdə partlayış nəticəsində 6 nəfər xilas edilib.
***
Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Sumqayıtda yaşayış binasında baş vermiş partlayış nəticəsində yaralananların vəziyyəti ağırdır.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.
“03.12.2024-cü il tarixində saat 06:40 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub”, – məlumatda qeyd olunub.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Bildirilib ki, 1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır.
Qeyd edək ki, təcili tibbi yardım briqadaları hadisə yerindədir.
***
Sumqayıt şəhərinin 13-cü mikrorayonunda baş vermiş partlayışda yaralananların kimliyi açıqlanıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir.
Bildirilib ki, hadisədə 1977-ci il təvəllüdlü Əliyev Ramin Zakir oğlu, 2007-ci il təvəllüdlü Əliyev Ayxan Ramin oğlu və 2010-cu il təvəllüdlü Əliyeva Familə Ramin qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
***
Məlumat verildiyi kimi, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində bu vaxtadək bir nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhərindəki yaşayış binasında baş vermiş partlayışla bağlı məlumat yayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qurumun mətbuat xidmətinin məlumatında qeyd olunub:
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub”.
Xatırladaq ki, Sumqayıtda yaşayış binasında baş vermiş partlayışda azı 3 nəfərin yaralandığı bildirilir. Bir nəfərin dağıntılar altında olduğu güman edilir.