Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:
"Zati-aliləri, əziz həmkarım. Sizi və dost Azərbaycan xalqını ölkənizin Müstəqilliyi Günü münasibətilə gürcü xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram".
Məktubda ölkələr arasındakı strateji tərəfdaşlığın tarixi əlaqələrin məntiqi davamı olduğu vurğulanıb. Prezident Kavelaşvili qeyd edib ki, İlham Əliyevin Gürcüstana dövlət səfəri ikitərəfli münasibətlərin inkişafına mühüm təkan verib və əlaqələri yeni mərhələyə daşıyıb.
Sənəddə, həmçinin aşağıdakı fikirlər yer alıb:
- Gürcüstan və Azərbaycan arasında mehriban qonşuluq münasibətləri, strateji tərəfdaşlıq və birgə icra olunan layihələr xalqların rifahına xidmət edir.
- Bu əməkdaşlıq həm ölkələrdə, həm də regionda sülhün, sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə töhfə verir.
Sonda Mixeil Kavelaşvili Azərbaycan Prezidentinə xoşbəxtlik və fəaliyyətində uğurlar, Azərbaycan xalqına isə firavanlıq və davamlı sülh arzulayıb.