Kənd təsərrüfatının inkişafında subsidiya mexanizmlərinin rolu böyükdür. Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib ki, Azərbaycan dünyada genişmiqyaslı və çoxçeşidli subsidiya sistemini tətbiq edən nadir ölkələrdəndir.
Dövlət başçısı qeyd edib ki, mövcud subsidiya mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilməlidir. Hazırda fermerlərə yanacaq və gübrə güzəştləri, metodik tövsiyələr, eləcə də güzəştli kreditlər vasitəsilə hərtərəfli dəstək göstərilir.
İlham Əliyev kənd təsərrüfatının inkişafına təkan verən layihələrin nəticələrini pambıqçılıq nümunəsində şərh edib:
- Ötən dövrlərdə pambıq istehsalı 20 min tona qədər geriləmiş və məhsuldarlıq hektardan maksimum bir ton təşkil etmişdi.
- Həyata keçirilən islahatlar və görülən tədbirlər nəticəsində pambıq istehsalı 360 min tondan çox səviyyəyə yüksəlib.
Prezident vurğulayıb ki, bu artım pambıqçılıqla məşğul olan rayonlarda yaşayan əhalinin rifahına müsbət təsir göstərib.