Azərbaycanda cins heyvanların və balıqların saxlanıldığı təsərrüfatların cəlb etdiyi kreditlərin faiz dərəcələri subsidiyalaşdırılacaq. Bu yenilik Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək.
Sənədə əsasən, İqtisadiyyat Nazirliyinə aşağıdakı istiqamətlərdə tədbirlər görmək tapşırılıb:
- Müasir texnologiyalardan istifadə edən, möhkəm yem bazasına malik olan və cins heyvanların, yaxud balıqların saxlanıldığı təsərrüfatların dəstəklənməsi;
- Tədarükçülərin rezident banklar və bank olmayan kredit təşkilatlarından 2027-ci ildən etibarən 5 il müddətində manatla götürdükləri kreditlərin faizlərinin subsidiyalaşdırılması;
- İcra edilmiş investisiya layihələrinin dəyərinin "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-nin vəsaitləri hesabına kompensasiya edilməsi.