Azərbaycanın Baş naziri Əli Əsədov Aşqabadda təşkil olunan MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib. O, çıxışı zamanı humanitar əməkdaşlığın Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb.
Baş nazir qeyd edib ki, humanitar təşəbbüslər və layihələr xalqlar arasında dostluq münasibətlərinin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üçün böyük imkanlara malikdir. Əli Əsədov Minsk (2027) və Karaqanda (2028) şəhərlərinin MDB-nin Gənclər paytaxtları seçilməsinin həm rəmzi, həm də praktiki əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, bu addım gənclərin ictimai-siyasi və sosial-iqtisadi proseslərdə fəallığını artıracaq, eləcə də Birlik daxilindəki humanitar əlaqələri gücləndirəcək.
Bundan əlavə, Əli Əsədov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına toxunub. O, BMT-nin himayəsi ilə təşkil olunan və 182 ölkədən 40 mindən çox nümayəndəni bir araya gətirən bu tədbirdə fəal iştiraklarına görə MDB ölkələrinin təmsilçilərinə təşəkkürünü bildirib.