Azərbaycanın Baş naziri Əli Əsədov Aşqabadda keçirilən MDB Hökumət Başçıları Şurasının iclasında çıxış edərək, Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) fəal iştirak edən MDB ölkələrinə təşəkkürünü çatdırıb.
Baş nazir qeyd edib ki, BMT-nin dəstəyi ilə keçirilən və dayanıqlı inkişaf, urbanizasiya, eləcə də həyat keyfiyyətinin artırılması kimi mühüm mövzuları əhatə edən forum öz işini başa çatdırır. Əli Əsədovun sözlərinə görə, tədbir qlobal mənzil böhranı, şəhərlərin davamlı inkişafı, iqlimə dayanıqlılıq və bərpa prosesləri kimi aktual problemlərin müzakirəsi üçün geniş platforma yaradıb.
Forumun miqyasına diqqət çəkən hökumət başçısı bildirib ki, tədbir 182 ölkədən 40 mindən çox iştirakçını bir araya gətirərək rekord göstəriciyə imza atıb. Sonda Əli Əsədov MDB-yə üzv dövlətlərin nümayəndələrinə forumdakı səmərəli əməkdaşlıqlarına görə minnətdarlığını ifadə edib.