Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə iqtisadi və ticarət əlaqələri yüksələn xətlə inkişaf edir. "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Aşqabadda keçirilən MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı məlumat verib.
Baş nazir qeyd edib ki, 2025-ci ildə Azərbaycan ilə MDB dövlətləri arasında ticarət dövriyyəsinin həcmi 10 faizdən çox artım nümayiş etdirib. Əli Əsədovun sözlərinə görə, tərəflər arasında qarşılıqlı ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, habelə müxtəlif sahələrdə birgə layihələrin icrası üçün geniş potensial mövcuddur.
Hökumət başçısı vurğulayıb ki, Azərbaycan MDB çərçivəsində konstruktiv tərəfdaşlıq, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə sadiqdir. O, ölkəmizin MDB üzvü olan dövlətlərlə əməkdaşlığı dayanıqlı inkişaf, sabitlik və xalqların rifahı naminə bundan sonra da gücləndirmək niyyətində olduğunu bildirib.