Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə münasibətlərini inkişaf etdirdiyini və bu əlaqələrə prioritet verdiyini bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Paşinyanın sözlərinə görə, Ermənistan-Rusiya münasibətləri hazırda transformasiya mərhələsindədir və o, bu prosesi müsbət qiymətləndirir.
"Biz Rusiya ilə münasibətlərimizi əhəmiyyətli dərəcədə inkişaf etdirir və prioritetləşdiririk. Münasibətlərimiz transformasiya mərhələsindədir və mən bu mərhələni müsbət hesab edirəm", - deyə baş nazir bildirib.
Paşinyan Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüklə bağlı məsələyə də toxunub. O vurğulayıb ki, Ermənistan yaxın perspektivdə siyasi və iqtisadi birliyin üzvü olaraq qalacaq.
Baş nazir qeyd edib ki, gələcəkdə AİB ilə Avropa İttifaqı arasında seçim etmək zərurəti yaranarsa, bu məsələ referendum yolu ilə həll ediləcək.
Onun sözlərinə görə, Ermənistanın xarici siyasət kursu ölkənin milli maraqları əsasında formalaşdırılır və strateji qərarlar vətəndaşların iradəsi nəzərə alınmaqla qəbul ediləcək.