Florida rəsmiləri OpenAI şirkətini və onun baş direktoru Sam Altmanı məhkəməyə verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, Florida ştatının baş prokuroru Ceyms Utmeyer tərəfindən qaldırılan iddiada OpenAI şirkəti ChatGPT platformasının təhlükəsizliyi ilə bağlı istifadəçiləri çaşdırmaqda ittiham olunur.
"OpenAI" "ChatGPT"də reklamları sınaqdan keçirir
İddiada bildirilir ki, ChatGPT məktəbdə atışma törədən şəxslərə məlumat verməklə, özünə zərər vurmaqla bağlı məsləhətlər təqdim etməklə və gənc istifadəçiləri narkotik asılılığına cəlb etməklə uşaqlara zərər vurub.
Sənəddə 2025-ci ildə Tallahassee Universitetində baş vermiş, iki nəfərin ölümü və altı nəfərin yaralanması ilə nəticələnən atışma hadisəsi də qeyd olunub. İddiaçı tərəf ChatGPT-nin sonradan zorakılıq törədən şəxslərə məlumat verdiyini irəli sürür.
Mətbuat konfransında çıxış edən Ceyms Utmeyer Sam Altmanın da iddiaya cavabdeh şəxs kimi daxil edildiyini bildirib. Onun sözlərinə görə, Altman ChatGPT-nin bəzi funksiyalarının təşviqində əsas rol oynayıb.
"İnsanlar əziyyət çəkir, valideynlər yanlış yola yönəldilir və onlar bunun bədəlini ödəməlidirlər", – deyə Utmeyer vurğulayıb.
Baş prokuror bildirib ki, iddiada milyardlarla dollar məbləğində təzminat tələb edilir. Eyni zamanda, OpenAI-nin gənc istifadəçilərlə qarşılıqlı əlaqə qaydalarının dəyişdirilməsi üçün məhkəmə qərarının çıxarılması istənilir.
OpenAI nümayəndələri "Reuters"in məsələ ilə bağlı sorğusuna dərhal cavab verməyiblər. Şirkət daha əvvəl açıqlamalarında süni intellekt modellərinin zorakılığı təşviq edən sorğuları rədd etmək üçün hazırlandığını və söhbətlərin başqalarına zərər vurma riski yaratdığı hallarda hüquq-mühafizə orqanlarının məlumatlandırıldığını bildirmişdi.
"Reuters" qeyd edir ki, son dövrlərdə süni intellekt şirkətləri özünə zərər vurma, ruhi sağlamlıq problemləri və zorakılıqla əlaqəli qarşılıqlı əlaqələrin qarşısını ala bilməmək ittihamları ilə üzləşən məhkəmə iddialarının artması fonunda ciddi hüquqi təzyiqlərlə qarşılaşırlar.