Operativ Məlumat Mərkəzi

Bakı Metropoliteninə 20 yeni nəsil vaqon gətirilib

3 dəq
Paylaş:
Bakı Metropoliteninə 20 yeni nəsil vaqon gətirilib

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC sərnişin məmnuniyyəti və xidmət keyfiyyətini artırmaq məqsədilə qatar parkını genişləndirərək daha dörd yeni nəsil qatar (20 vaqon) Bakıya gətirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil deyib.

O bildirib ki, dördüncü nəslə mənsub bu qatarların 2025-ci ildə istismar müddəti başa çatmaq üzrə olan vaqonların əvəzinə xəttə buraxılması nəzərdə tutulub:

“Yeni qatarlar metropolitenin mürəkkəb relyefi və paytaxtın iqlim şəraiti nəzərə alınmaqla ən müasir texnologiyalar əsasında hazırlanıb. Vaqonların komplektləşdirilməsi və yığılmasının texniki tamamlanma işləri “Xocəsən” elektrik deposunda yerinə yetirilir və bu zaman idarəetmə, və sərnişin rahatlığını təmin edən avadanlıqlar quraşdırılır. Son mərhələdə sazlama və sınaq işlərindən sonra vaqonlar xəttə buraxılır. Yeni mərhələdə komplektləşdirilmiş yeni qatarlar normativlərə uyğun sazlama, sınaq və tənzimləmə işlərinə cəlb olunur və xətlərə buraxılmaq üçün hazırlanır”.

E.Əhmədov qeyd edib ki, əldə olunmuş razılığa əsasən, bu ilin sonunadək daha 10 vaqon (2 qatar tərkibi) Bakı metrosuna təhvil veriləcək:

“Eyni qayda ilə həmin vaqonlar da komplektləşdirilərək, sazlama və sınaq aparıldıqdan sonra xəttə buraxılacaq. Beləliklə, 2025-ci ilin sonuna qədər yeni nəsil vaqonların sayı 180-ə (36 qatar tərkibi) çatdırılacaq. Xatırladım ki, Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, qeyd edilən müddətdə daha 299 yeni nəsil vaqonun alınaraq metropolitan xətlərinə buraxılması nəzərdə tutulub. Hazırda bu istiqamətdə planlı işlər davam etdirilir”.

“Hazırda Bakı metrosunda 66 qatar tərkibi (347 vaqon) fəaliyyət göstərir ki, onların 150-si yeni nəsil vaqonlardan ibarətdir. Bakı metropoliteni xətlərində istismar müddəti başa çatan vaqonlar əvvəlcədən planlaşdırılmaqla yenisi ilə əvəzlənir”, - deyə o əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax