Mayın 19-da BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyi tərəfindən “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda beynəlxalq təlim təşkil olunub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, təlim BMT-nin Əlillərin Hüquqları Konvensiyasının (CRPD) prinsiplərinə uyğun şəkildə hazırlanıb.
Tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin müstəqil yaşamasını dəstəkləyən inklüziv şəhərlərin qurulmasının həm praktiki, həm də siyasət səviyyəsində vacibliyini diqqətə çatdırmaqdır. Təlim çərçivəsində iştirakçılar şəhərsalmanın, sosial siyasətin, ictimai xidmətlərin və icma əsaslı dəstək mexanizmlərinin əlilliyi olan şəxslərin gündəlik həyatına necə təsir göstərdiyini müzakirə ediblər.
Təlimdə vurğulanıb ki, inklüziv şəhər anlayışı yalnız fiziki əlçatanlıqla məhdudlaşmır. İnklüziv şəhər modeli eyni zamanda inteqrasiya olunmuş sosial xidmətlərin mövcudluğunu, müstəqil həyat xidmətlərini, psixososial dəstəyi və əlilliyi olan şəxslərin qərarqəbuletmə proseslərində mənalı iştirakını tələb edir.
Təlim üç əsas komponentdən ibarət olub.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü və Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Pərvanə Vəliyeva, İordaniyanın “I am Human” Əlilliyi olan Şəxslərin Hüquqları Cəmiyyətinin sədri Asya Abdel Yaqi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, Seneqalı Əhali və Sağlamlıq Araşdırmaları Mərkəzini təmsil edən nümayəndə Əl Haci Malik Silla çıxış ediblər.
Panel sessiyada çıxış edən yəmənli nümayəndə Əziz Səid WUF13 çərçivəsində keçirilən bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.
Bildirib ki, Yəmən sülh və sabitliyi qorumaq üçün birgə təlimlər keçirir və qlobal əhəmiyyət kəsb edən məsələlərdə nəticə əldə etməyə çalışır.
Təlimdə çıxış edən “Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyinin sədri Aydın Xəlilov qeyd edib ki, insan fiziki olaraq hansısa quruma daxil ola bilər, amma öz həyatına təsir edən qərarların qəbulunda iştirak etməyə bilər: “Məhz buna görə də bu gün şəhərə bir sistem kimi baxacağıq. Müstəqil həyat dəstəksiz həyat demək deyil. O insanın dəstəyi, xidmətləri və həyat tərzini seçmək hüququ deməkdir”.
Təlim nəticəsində belə qənaətə gəlinib ki, bu təşəbbüs Azərbaycanda inklüziv şəhərsalma, müstəqil həyat və əlilliyi olan şəxslərin hüquqlarının təşviqi istiqamətində beynəlxalq əməkdaşlığın və institusional dialoqun güclənməsinə mühüm töhfə verəcək.