ABŞ ordusuna məxsus "KC-135" tipli yanacaqdolduran təyyarə İraq ərazisində qəzaya uğrayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə ilə bağlı ABŞ Mərkəzi Komandanlığı ("CENTCOM") rəsmi məlumat yayıb.
Məlumata görə, hadisə "Epic Fury" ("Destansı Öfke") əməliyyatı çərçivəsində, dost hava məkanında uçuş həyata keçirilərkən baş verib.
Komandanlıq qəzada iki təyyarənin iştirak etdiyini bildirib. Təyyarələrdən biri İraqın qərbində yerə düşüb. Digər təyyarə isə təhlükəsiz şəkildə eniş edə bilib.
"CENTCOM" ilkin açıqlamasında qəzanın düşmən atəşi və ya dost atəşi nəticəsində baş vermədiyini vurğulayıb. Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Digər tərəfdən, İraqdakı silahlı şiə qruplaşmalarının çətir təşkilatı olan "İraq İslami Müqaviməti" hadisə ilə bağlı fərqli iddia ilə çıxış edib. Təşkilatın "Telegram" kanalı vasitəsilə yaydığı bəyanatda təyyarənin hava hücumundan müdafiə sistemləri ilə hədəf alındığı və məhz bu hücum nəticəsində düşürüldüyü iddia olunur.
Xatırladaq ki, bölgədə gərginlik artmaqda davam edir və rəsmi Vaşinqton hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcəyini bildirib.