Azərbaycanda iş yerlərində təkrar mobbinqə məruz qalan işçilərə yeni səlahiyyətlərin verilməsi təklif olunur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu təşəbbüs İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb və sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Təklifə əsasən, Əmək Məcəlləsinə "İş yerində psixoloji təzyiq (mobbinq)" adlı yeni maddənin əlavə edilməsi və müvafiq hüquq münasibətlərinin həmin maddədə ümumiləşdirilməsi zəruridir.
Layihəyə görə, Məcəllənin 69-cu maddəsinə (Əmək müqaviləsinin İşçi tərəfindən ləğv edilməsi qaydası) dəyişiklik edilməlidir. Belə ki, iş yerində təkrar psixoloji zorakılığa (mobbinq) məruz qalan işçilərə əmək müqaviləsini birtərəfli qaydada ləğv etmək səlahiyyəti verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, mobbinq – şəxsin iş həyatından kənarlaşdırılması üçün qəsdən edilən psixoloji zorakılıqdır. Bu proses insanın hörmətsiz, alçaldıcı rəftar və əsassız ittihamlara məruz qalması ilə başlayır. Davamında isə işəgötürən, işçinin sosial nüfuzunu hədəf alan təcavüzkar mühit yaratmaqla, onu təhqir və istehza yolu ilə işdən ayrılmağa məcbur edir.