Azərbaycana raritet avtonəqliyyat vasitələrinin idxalı rəsmən ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilib. Bu qərar, ölkədə nadir avtomobil kolleksiyalarının zənginləşməsinə yeni imkanlar açır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Prezident İlham Əliyev Milli Məclisin 13 fevral tarixində qəbul etdiyi qanunvericilik paketini təsdiqləyib. Dəyişikliklər Vergi Məcəlləsi, "Banklar haqqında" və "Gömrük tarifi haqqında" qanunları əhatə edir.
Mövcud qaydalara əsasən, mühərriki, banı və şassisi orijinal vəziyyətdə qalan (və ya bərpa edilən) və zavod buraxılış tarixindən 40 ildən çox keçmiş nəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri statusu daşıyır.
Yenilənmiş qanunvericiliyə görə, vergi və rüsum azadolmaları konkret şərtlər çərçivəsində tənzimlənəcək:
- İdxal əməliyyatı müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməlidir;
- İdxal edilən raritet avtomobillərin sayı bir şəxs üçün təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmamalıdır.
Tətbiq edilən bu güzəştlər, raritet avtonəqliyyat vasitələrini ölkəyə gətirən idxalçıların xərclərinin əhəmiyyətli dərəcədə azalmasına şərait yaradacaq.