Dronlar gecə saatlarında Rusiyanın cənubundakı Novorossiysk şəhərində yerləşən neft terminalına zərbə endirib. Bu barədə Ukraynanın “The Kyiv Independent” qəzeti monitorinq kanallarına istinadən məlumat yayıb.
Novorossiysk meri Andrey Kravçenko “Telegram”da dron hücumlarının baş verdiyini təsdiqləyib. O, sakinlərə pəncərəsiz otaqlarda və ya zirzəmilərdə sığınmağı tövsiyə edib.
Novorossiysk Ukrayna dronlarının tez-tez hədəf aldığı şəhərlərdən biridir. Şəhər Rusiyanın neft, neft məhsulları və taxıl ixracında mühüm çıxış məntəqəsi hesab olunur.
Ukraynanın Qara dəniz sahilində yerləşən Xerson şəhərində isə Rusiya dronunun yaşayış binasına çırpılması nəticəsində 70 yaşlı qadın həlak olub. Bu barədə Xerson Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin “Telegram”da məlumat verib.
Şimal-şərqi Ukraynada yerləşən Xarkov vilayətinin Zoloçiv kəndinə Rusiya dronlarının hücumu zamanı üç nəfər yaralanıb. Vilayətin qubernatoru Oleq Sinequbov bildirib ki, hadisə nəticəsində inzibati binalara da ziyan dəyib.