ABŞ-də 30 ştatın “Meta” şirkətinə qarşı qaldırdığı genişmiqyaslı məhkəmə prosesi başlayır.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, ştatlar “Meta”nı “Facebook” və “Instagram” platformalarında gənc istifadəçiləri asılı vəziyyətə salan mexanizmlərdən istifadə etməkdə və sosial medianın yeniyetmələrə yaratdığı riskləri gizlətməkdə ittiham edirlər.
İddiaçılar şirkətdən 1,4 trilyon dollara qədər təzminat və platformaların fəaliyyətində ciddi struktur dəyişikliklərinin aparılmasını tələb edirlər.
Tələblər arasında gənc istifadəçilər üçün valideyn təsdiqinin tətbiqi, “bəyənmə” saylarının və “sonsuz sürüşdürmə” funksiyasının ləğvi, tövsiyə alqoritmlərinin yenidən qurulması və xarici görünüşü dəyişən filtrlərin qadağan edilməsi yer alır.
Həmçinin videoların avtomatik oynadılması funksiyasının dayandırılması, çoxsaylı hesabların açılmasının qarşısının alınması və “Hekayələr” kimi müvəqqəti məzmunların silinməsi tələb olunur.
Ştatların vəkilləri sosial medianın gənclər arasında depressiya, özünəinam çatışmazlığı və bədən imici ilə bağlı problemlərin yaranmasına təsir etdiyini göstərən araşdırmalara istinad edirlər.
Öz növbəsində, “Meta” şirkəti irəli sürülən ittihamları rədd edir. Şirkət nümayəndələri gənc istifadəçilərin təhlükəsizliyinin təmin olunması istiqamətində uzun müddətdir müxtəlif tədbirlər həyata keçirildiyini bildirirlər.
Məhkəmə prosesinə hakim İvonn Qonzales Rocers sədrlik edəcək.