İngiltərənin "Tottenhem" klubu yarımmüdafiəçi Lukas Berqvallın transferi ilə bağlı "Nottingem Forest"in ilk rəsmi təklifini qəbul etməyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, rədd cavabına baxmayaraq, "Nottingem Forest" isveçli futbolçunu transfer etmək niyyətindən geri çəkilməyib və tərəflər arasında danışıqlar davam edir.
Bildirilir ki, 20 yaşlı Lukas Berqvall artıq "Tottenhem" rəhbərliyinə yay transfer pəncərəsində komandadan ayrılmaq istədiyini çatdırıb.
Məlumata görə, "Nottingem Forest" Berqvallı "Mançester Siti"yə keçməyə hazırlaşan Elliot Andersonun əvəzedicisi kimi əsas namizəd hesab edir.
Qeyd edək ki, Berqvall 2024-cü ildə "Yurqorden"dən "Tottenhem"ə transfer olunub. O, debüt mövsümündə komandanın ən yaxşı futbolçusu seçilib və klubun UEFA Avropa Liqasını qazanmasında mühüm rol oynayıb. Lakin baş məşqçi Roberto de Dzerbinin gəlişindən sonra yarımmüdafiəçinin əsas heyətdəki oyun vaxtı azalıb.
İsveçli futbolçu ilə "Aston Villa" və "Çelsi"nin də maraqlandığı bildirilir. Berqvall 2026-cı il Dünya Çempionatında İsveç millisinin heyətində dörd oyunda forma geyinib.